📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-nin İranla bağlı “Venesuela planı” üzə çıxdı - ŞOK DETALLAR bu YAZIDA

2026-09-14 17:36:22

ABŞ-nin İranla bağlı “Venesuela planı” üzə çıxdı - ŞOK DETALLAR bu YAZIDA

ABŞ prezidenti Donald Tramp İranla müharibənin yalnız raketlərin və hərbi obyektlərin məhv edilməsi ilə yekunlaşmaya biləcəyini göstərən sensasion açıqlama verib. Tramp Vaşinqtonun İranda qalaraq bu ölkənin zəngin neft ehtiyatlarına nəzarət edə biləcəyini istisna etməyib.

Hurriyyet.media  xəbər verir ki, Donald Tramp İrlandiyaya səfəri zamanı jurnalistlərə deyib:

“Nəticədə İrandan çıxacağıq. Yalnız Venesuelada olduğu kimi qalıb nefti götürmək qərarına gəlməsək”.

ABŞ prezidenti Venesuelanın neft ehtiyatları üzərində qurulan yeni nəzarət mexanizminin müharibəyə çəkilən xərcləri dəfələrlə ödədiyini də iddia edib. Trampın sözlərinə görə, İranla müharibə Vaşinqtonun şərtlərinə uyğun razılaşma əldə edilərsə, ilin sonlarına doğru başa çata bilər.

Bu, sadəcə Donald Trampa xas sərt və kommersiya yönümlü ritorikadır, yoxsa ABŞ İranın neft sektoruna faktiki nəzarəti nəzərdə tutan real plan hazırlayır? Tramp bu açıqlama ilə İranı işğal mesajı verdi? Bu açıqlamadan belə məlum olurmu Trampın İranda hakimiyyəti dəyişib oranın neftinə, qazına sahiblənmək planı varmış? 

YUSİF SON.jpg (41 KB)

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Trampın ABŞ-nin İranda qalaraq neft ehtiyatlarına nəzarət edə biləcəyini istisna etməməsi sıradan siyasi ritorika kimi qiymətləndirilməməlidir. Lakin eyni zamanda, bu açıqlamadan ABŞ-nin artıq İranın neft sektorunu ələ keçirmək üçün hazır və təsdiqlənmiş işğal planına malik olduğu nəticəsini çıxarmaq da tələskənlik olardı:

“Trampın açıqlamasının əsas əhəmiyyəti ondan ibarətdir ki, Vaşinqton müharibənin nəticələrinə yalnız hərbi və təhlükəsizlik prizmasından deyil, həm də İranın iqtisadi və enerji resursları üzərindən baxa bilər. Trampın Venesuela nümunəsinə istinad etməsi isə xüsusilə diqqət çəkir. ABŞ administrasiyasının Venesuelada neft sektoruna nəzarət mexanizmlərini genişləndirməsi göstərir ki, Tramp üçün enerji resursları xarici siyasətin ayrıca strateji alətinə çevrilib. Bu baxımdan İranın dünyanın ən böyük neft və qaz ehtiyatlarından birinə malik olması məsələni daha da həssas edir. İranın neft ixracının əsas mərkəzlərindən olan Xark adası kimi obyektlərin nəzarətə götürülməsi ABŞ üçün həm Tehrana iqtisadi təzyiq göstərmək, həm də müharibənin maliyyə yükünü kompensasiya etmək vasitəsi kimi nəzərdən keçirilə bilər. Lakin burada söhbət İranın klassik mənada işğalından getmir. Belə ki, ABŞ-nin İran ərazisində uzunmüddətli hərbi mövcudluğu həm siyasi, həm hərbi, həm də beynəlxalq hüquq baxımından son dərəcə ağır nəticələr yarada bilər”.

Politoloq qeyd edib ki, Trampın açıqlaması Ağ Evin İranı Venesuela ilə eyniləşdirib buna uyğun plan qurduğunun dolayısıyla etirafı sayıla bilər:

“Vaşinqtonun hesablamaları belə idi ki, İranın ali liderini ilk gündəcə öldürməklə Venesuelanın prezidenti Maduronu yatağında götürüb həbs etməyin nəticələri təxminən eyni olacaq. Lakin bu cür olmadı. İran Venesuela deyil. İran və Venesuela arasında ciddi fərqlər var. İran daha böyük əraziyə, daha güclü hərbi imkanlara, mürəkkəb regional əlaqələrə və daha ciddi müqavimət potensialına malikdir. Digər tərəfdən, Venesuela daxilində ABŞ ilə davamlı əlaqələri olan və hazırda da Vaşinqtonla ciddi əməkdaşlıq edən qüvvələr var. İranda isə belə qüvvələrin mövcudluğu, təbii sərvətlər üzərində nəzarətin ABŞ-yə verilməsinə razılıq verə biləcək hansısa qrupların olması böyük sual altındadır. Bu səbəbdən Venesuelada tətbiq edilən modelin İranda eyni formada reallaşdırılması indiki şərtlər daxilində demək olar ki, mümkün deyildi və deyil”.