📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ diplomatını gizlicə ölkədən çıxardı

2026-09-13 21:52:00

ABŞ diplomatını gizlicə ölkədən çıxardı

ABŞ hakimiyyətinin ağır cinayət xarakterli materialların saxlanılmasında şübhəli bilinən öz diplomatını Britaniya hüquq-mühafizə orqanlarının iştirakı olmadan Londondan çıxararaq Amerikaya apardığı bildirilir. Hadisə iki müttəfiq arasında yeni qalmaqala çevrilə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət ABŞ-nin Londondakı səfirliyinin əməkdaşından gedir. Diplomat uşaqlara qarşı seksual zorakılığı əks etdirən materialların saxlanılmasında şübhəli bilinir.

“The Sun” yazır ki, ötən ay ABŞ əməkdaşları diplomatın Londondakı mənzilində axtarış aparıb, onu oradan götürərək Britaniyadakı Amerika hərbi bazasına çatdırıblar. Daha sonra diplomat ABŞ-yə aparılıb.

Ən mübahisəli məqam isə əməliyyatın Britaniya polisi olmadan həyata keçirilməsidir.

Nəşrin məlumatına görə, ABŞ əməkdaşlarının Britaniya ərazisində insanları həbs etmək səlahiyyəti yoxdur. Diplomatın ekstradisiyası ilə bağlı London hakimiyyətinə rəsmi sorğunun da təqdim edilmədiyi bildirilir.

“The Sun” iddia edir ki, Britaniya polisi diplomatın ölkədən çıxarılması barədə əvvəlcədən məlumatlandırılmayıb.

Britaniya hökuməti məsələyə münasibət bildirib. Hökumət nümayəndəsi ölkədəki bütün xarici diplomatların Britaniya qanunlarına riayət etməli olduğunu vurğulayıb:

“Britaniyalı diplomatların xaricdə olduqları ölkələrin qanunlarına əməl etməsini gözlədiyimiz kimi, Böyük Britaniyadakı bütün xarici diplomatların da bizim qanunlarımıza riayət etməsini gözləyirik”.

London rəsmiləri hazırda ABŞ səfirliyi ilə əlaqə saxlayırlar.

Skotland-Yard isə avqustun 25-də ABŞ hakimiyyətinin Londonda uşaqlara qarşı seksual zorakılığı əks etdirən materiallarla bağlı mümkün hüquq pozuntuları üzrə aparılan araşdırma haqqında Britaniya polisinə məlumat verdiyini təsdiqləyib.

“Bu iş üzrə onlarla qarşılıqlı fəaliyyətimizi davam etdiririk”, - polis nümayəndəsi bildirib.

“The Sun”un məlumatına görə, diplomatla bağlı araşdırma ABŞ-də başqa bir şəxs haqqında aparılan cinayət işi zamanı ortaya çıxıb.

ABŞ səfirliyi də əməkdaşa qarşı irəli sürülən ittihamlardan xəbərdar olduğunu açıqlayıb. Səfirlik məsələyə ciddi yanaşıldığını və Britaniya hüquq-mühafizə orqanlarının operativ məlumatlandırıldığını bildirib.

Diplomat davam edən istintaq çərçivəsində ABŞ-yə “köçürülüb”.

Hadisə London və Vaşinqton arasında hüquqi səlahiyyət məsələsinin ilk dəfə mübahisə yaratması deyil. Bundan iki ay əvvəl Britaniya rəsmiləri amerikalı hərbi pilot Ceykob Vulfsonun işinin də ABŞ hərbi məhkəməsində araşdırılmasına etiraz etmişdilər. Kembricdə bir qadını boğmaqda ittiham olunan Vulfson həmin epizod üzrə təqsirli bilinərək altı ay həbs cəzası almış, seksual zorakılıq və seksual qısnama ittihamları üzrə isə bəraət qazanmışdı.

İndiki hadisədə isə əsas sual diplomatın özünə qarşı ittihamlarla yanaşı, ABŞ-nin Britaniya ərazisində hansı hüquqi prosedur əsasında hərəkət etdiyi və şübhəlini ölkədən necə çıxarmasıdır.