70 milyonluq rüşvət ittihamı və Ramiz Mehdiyevin İLGİNC İFADƏLƏRİ
Hazırda ev dustağı olan sabiq PA rəhbəri Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham irəli sürüldüyü barədə məlumat yayılıb. Bu məlumatın diqqətçəkən tərəfi ondan ibarətdir ki, vaxtilə Ramiz Mehdiyev rüşvət və korrupsiyadan elə danışırdı ki, onun nitqini dinləyən onun əməli-saleh bir məmur olduğu qənaətinə gələrdi.
*
Bəzi filmlərdə elə səhnələr olur ki, tamaşaçı əvvəlcə gülür. Sonra bir az düşünür və yenidən gülür. Çünki qəhrəman bütün film boyu başqalarına nəsihət verir, qanundan danışır, əxlaqdan danışır, vicdandan danışır, sonda isə məlum olur ki, kameranı bir az sağa çevirmək kifayət imiş...
Və bütün mənzərə dəyişir. Azərbaycan siyasi tarixinin son illərdəki ən qəribə “arxiv komediyalarından” biri də, deyəsən, məhz belə başlayır. Ekranda, tribuna arxasına brejnevsayağı baxışı ilə seçilən Ramiz Mehdiyev keçir.
– Məmur rüşvət almamalıdır!
Pauza. Kamera yavaş-yavaş zala keçir. Heç kim gülmür. Çünki o zaman bu, komediya deyildi. Gülmək elə bitmək demək idi. Dövlət maşının açarı “boz kardinal”ın əlində idi, haqq-nahaq kimin üstünə istəsəydi, sürərdi, sorğu-sualı da olmazdı!
Ramiz Mehdiyevin səsləndirdiyi ciddi tezisin üstündən illər keçib, arxivlə tozlanıb. Və bir gün arxiv qapısı açılır. Və həmin cümlə yenidən səslənir: “Məmur rüşvət almamalıdır!”
Ramiz Mehdiyev isə artıq məmur deyil, arestantdır.
Bu dəfə isə tamaşaçı istər-istəməz soruşur:
– Ramiz müəllim, bəs bu cümləni niyə, kimə görə deyirdi, hansı məmurları nəzərdə tutub deyirdi?
*
1 iyun 2007-ci il. Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri olaraq korrupsiyadan danışır. Metafora isə, etiraf etmək lazımdır, çox uğurludur. “Korrupsiya qar topası kimidir, diyirləndikcə böyüyür və sonda dağıdıcı qüvvəyə çevrilir”.
Ramiz müəllim indi qar topasının altında qalıb. Ona rüşvət ittihamı veriblər. Yəni gələcəkdə baş verənlərin ssenarisini, fərqində olmadan zamanında özü yazmışdı.
Komediyalarda qəhrəmanların ən böyük problemi adətən yadlarında olmayan şeylər deyil. Əksinə, həddindən artıq danışdıqları şeylərdir. Ramiz Mehdiyevin korrupsiya ilə bağlı arxiv fikirləri də indi məhz belə təsir bağışlayır.
– Məmur rüşvət almamalıdır!
Çox aydın, çox konkret və çox sadə. Hətta izaha da ehtiyac yoxdur, məmur rüşvət almamalıdır.
Və Ramiz müəllim sözünə davam edir:
-Dövlət vəzifəsi şəxsi biznesə çevrilməməlidir. Vəzifə kabineti şəxsi kassaya dönməməlidir. Özünü hamıdan üstün tutmaq, rüşvət almaq olmaz!
Və illər keçir, Ramiz Ənvəroviçin istintaq materiallarında son dərəcə ciddi ittihamlar ortaya çıxır…
Ramiz Mehdiyev vaxtilə rusdilli mətbuata verdiyi müsahibədə korrupsiyaya qarşı mübarizənin sistemli xarakter daşıdığını vurğulayırdı.
“В Азербайджане борьба с коррупцией носит системный характер...”
Tərcüməsi sadədir:
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sistemlidir. İndi isə bu cümlə üzərində xüsusi dayanaq. Anekdotik vəziyyətdir, deyilmi?
Bir nəfəri tutub və ona deyirlər:
– Sistem işləyir!
İkinci nəfəri tuturlar.
– Sistem daha yaxşı işləyir!
Amma birdən lift yuxarı qalxmağa başlayır...
Üçüncü mərtəbə.
Beşinci mərtəbə.
Onuncu mərtəbə.
Daha yuxarı.
Və birdən hamı liftin düymələrinə baxır:
– Burada “dayan” düyməsi yoxdur ki?
Əslində, sistemli mübarizə də budur.
Qanun aşağıdakılar üçün ayrı, yuxarıdakılar üçün ayrı işləməməlidir. Əgər mübarizə yalnız aşağı mərtəbələrdə qalırsa, bu, sistem deyil. O zaman Ramiz müəllimin öz cümləsi tamam başqa məna qazanır.
– Azərbaycanda korrupsiyaya qarşı mübarizə sistemlidir...
Bəli.
Görünür, sistem sözünün həqiqi mənası bəzən illər sonra aydınlaşır.
Siyasi-intellektual həyatımızda uzun illər tanış bir səhnə olub-oy, Ramiz müəllim yazıb. Ah, Ramiz müəllim deyib. Bəli, Ramiz müəllim araşdırıb. Doğrudur, Ramiz müəllim izah edib. Ən başlıcası, Ramiz müəllimin kitabını oxumaq, onun ideyalarını təhlil etmək lazımdır.
Bu fikirlərin təbliğində xüsusi fəallıq göstərən simalardan biri də Elmira Axundova idi. Ramiz Mehdiyevin kitabları, ideyaları və elmi fəaliyyəti haqqında yüksək fikirlər səsləndirilirdi.
“Я бы даже назвала Рамиз муаллима автором идеи этой книги...” – yəni “Mən Ramiz müəllimi həmin kitabın ideyasının müəllifi adlandırardım”.
İndi isə istintaqda Ramiz müəllimin adına başqa kitab açılıb. Bu kitabda Ramiz müəllimin dedikləri ilə əməlləri arasındakı uçurumun dərinlikləri aydın görünür.
Birinci səhifədə “Korrupsiya qar topası kimidir...”, ikinci səhifdə “Məmur rüşvət almamalıdır...”, üçüncü səhifədə “Mübarizə sistemli xarakter daşıyır...” cinayətlərini əhatə edir.
Ramiz müəllimin kitablarından illərlə sitat gətirənlər onun korrupsiya haqqında dediklərini də onun özü kimi anlamayıblar ki?
Ramiz Mehdiyev müxtəlif illərdə korrupsiya problemlərinə qarşı “необходимость принятия неотложных мер” – yəni təcili tədbirlərin görülməsinin vacibliyindən danışırdı.
Dövlət Təhlükəsizliyi Xidmətinin 2026-cı ilin fevralında yaydığı rəsmi məlumatda Ramiz Mehdiyevlə bağlı cinayət yolu ilə əldə edildiyi iddia olunan 17 milyon manatdan artıq pul vəsaitinin leqallaşdırılması ilə bağlı ittihamın yer aldığı bildirilir.
Amma metafora... Metafora çox inadkardır. Çünki Ramiz müəllim vaxtilə özü demişdi: “Korrupsiya qar topası kimidir”./musavat.com