3 yaşında kral oldu, ölümü ÖLKƏNİ QARIŞDIRDI - Taxt-tac uğrunda MÜHARİBƏ
Şənbə günü Uqandada uzun sürən xərçəng xəstəliyindən sonra 34 yaşında vəfat edən Toro krallığının kralı Oyo Nyimba ilə vida mərasimi keçirilib və o, dəfn olunub.
Hurriyyet.media xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Monarxın ölümü kral ailəsini parçalayan və bütün ölkənin diqqətini cəlb edən taxt-tac varisliyi ətrafında münaqişəyə səbəb olub.
Mərasim Uqandanın qərbində, Konqo Demokratik Respublikası ilə sərhədə yaxın Fort-Portal şəhərinin kafedral kilsəsində baş tutub. Bu mərasim monarx üçün elan edilmiş doqquz günlük matəmə yekun vurub. Şənbə günü günün ikinci yarısında Oyo əcdadlarının yanında torpağa tapşırılıb.
Oyo Nyimba Kabamba İquruyiki Rukidi IV atasının ölümündən sonra 1995-ci ildə, üç yaşında ikən Toro kralı olub. 18 yaşına - həddi-buluğa çatana qədər o, qəyyumların himayəsində qalıb. Tacqoyma günündə azyaşlı kral ənənəvi ritual daxil olmaqla, kral qəbiristanlığında atasının məzarına doqquz qəhvə dənəsi atmaq kimi yetkinlik mərasimini yerinə yetirib.
Oyo avqustun sonunda subay halda vəfat edib. Hakim sülalənin mənsub olduğu Babiito klanının ağsaqqalları kralın heç bir varis adı çəkmədiyini bildiriblər. Lakin krallığın digər nümayəndələri onun nikahdankənar bir oğlunun qaldığını iddia edirlər. Uşağın adı ictimaiyyətə açıqlanmayıb, sosial şəbəkələrdə isə ən azı iki yol verilən varis barədə fərziyyələr ortaya çıxıb.
Çərşənbə günü Toro Ağsaqqallar Komitəsi jurnalist kimi fəaliyyət göstərən şahzadəni xələf olaraq seçdiklərini elan edib. Yaşlı və təcrübəli monarxın tərəfdarı olan ənənəçilər bu qərarı dəstəkləsələr də, mərhum kralın yaxın qohumları onu rədd ediblər.
Oyonun bacısı Rut Komuntale ağsaqqalların qərarının yalnız "nifaq və qarışıqlıq səpdiyini" bildirib. Onun anası, ana-kraliça Best Kemigişa isə mübahisə tərəflərini taxt-tac uğrunda mübarizəni təxirə salmağa və ailəyə kralı dəfn etməyə imkan verməyə çağırıb.
Varisliklə bağlı mübahisənin məhkəmədə həll olunacağı istisna edilmir. Oyonun qohumları onun vəsiyyətnamə qoyub getdiyini, lakin Toro ağsaqqallarının bunu görməzdən gəldiyini iddia edirlər.
Qeyd edək ki, Uqandanın ənənəvi monarxları siyasi hakimiyyətə malik olmasalar da, öz xalqlarının mədəniyyət daşıyıcıları kimi böyük nüfuza sahibdirlər. Ölkədəki krallıqlar Böyük Britaniyadan müstəqillik əldə edildikdən sonra ləğv olunsa da, 1993-cü ildə yenidən bərpa edilib.